Klublararası dünya çempionatında “Tiqres”dən sonra digər finalçının adına da aydınlıq gəlib.

Yarımfinal matçında Misirin “Əl-Əhli” komandası ilə “Bavariya” görüşüb. Favorit sayılan Münhen futbolçuları 17-ci dəqiqədə istəylərinə çatıblar. Robert Levandovski qapını dəqiq nişan alıb. İlk hissədə başqa qol olmayıb. Hans Diter Flikin komandası 2-ci yarıda da təşəbbüsü əldən verməyib. Sona yaxın almaniyalılar daha bir qol vurublar.  Qarşılaşmanın yekunlaşmasına 5 dəqiqə qalmış Levandovski bu dəfə başla fərqlənərək mübarizəyə nöqtə qoyub. “Əl Əhli” – “Bavariya” 0:2. Münhen klubu indiyə kimi yalnız 1 dəfə - 2013-cü ildə dünya çempionu olub. Komandanın həlledici görüşdə rəqibi “Tiqres” isə ümumiyyətlə ilk dəfə iştirak etdiyi turnirin finalına çıxıb.

Yarışın qalibinin müəyyənləşəcəyi oyun fevralın 12-də keçiriləcək. Bu görüşdən əvvəl isə “Əl-Əhli” və “Palmeyras” komandaları 3-cü yer uğrunda matça çıxacaqlar.